Rəqəmsal Məktəb layihəsi beynəlxalq “GITEX Global 2025” sərgisində təqdim olunub
“Rəqəmsal Məktəb” platforması çərçivəsində həyata keçirilən “Rəqəmsal Köməkçi” beynəlxalq “GITEX Global 2025” sərgisində təqdim edilib. Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgi çərçivəsində Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov süni intellekt istiqamətində “Rəqəmsal Məktəb” layihəsi çərçivəsində icra olunan fəaliyyətləri təqdim etmişdir.
“Rəqəmsal Məktəb” platformasında tətbiq edilən “Rəqəmsal Köməkçi” Elm və Təhsil Nazirliyi və Presight (G42) şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Təhsilin keyfiyyətini və əlçatanlığını artırmaq istiqamətində atdığı mühüm addımlardan olan bu həll şagirdlər və müəllimlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində yaradılmış süni intellekt köməkçiləri – “Rəqəmsal Şagird Köməkçisi” və “Rəqəmsal Müəllim Köməkçisi” istifadəçilərə fərdiləşdirilmiş dəstək təqdim edir.
Şagird və valideynlər üçün nəzərdə tutulan “Rəqəmsal Şagird Köməkçisi” fənlər üzrə suallara cavab verir, mövzuların izahında kömək edir və öyrənmə prosesində dost yanaşması göstərir.
Müəllimlər üçün nəzərdə tutulan “Rəqəmsal Müəllim Köməkçisi” isə milli kurikulumla uyğunlaşdırılmış gündəlik dərs planları hazırlayır, müxtəlif çətinlik səviyyələrində test və açıq suallar yaradır və şagird cavablarını qiymətləndirir.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin sentyabrında Elm və Təhsil Nazirliyi ilə Presight (G42) şirkəti arasında süni intellekt əsaslı təhsil həllərinin hazırlanması və tətbiqinə dair imzalanmış Anlaşma Memorandumu nəticəsində həyata keçirilən bu layihə, Azərbaycanın Generativ Süni İntellekt (GenAI) təşəbbüsü olmaqla, ölkənin təhsil sahəsində innovasiyaların tətbiqi istiqamətində mühüm mərhələni ifadə edir.