Kibertəhlükəsizlik haqqında məlumatlılığın artırılmasını
təmin etmək məqsədilə 1337.edu.az veb səhifəsi
fəaliyyətə başlamışdır. Resursun yaradılmasında əsas məqsəd müxtəlif yaş
qrupuna daxil olan istifadəçilər arasında kibertəhlükəsizlik, kibercinayətkarlarla
mübarizə haqqında nəzəri bilik və praktik bacarıqların formalaşdırılmasıdır. Eyni
zamanda kibertəhlükəsizlik anlayışının təhsil müəssisələrində genişlənişləndirilməsi
məqsədilə layihə çərçivəsində icma tədbirlərinin təşkil olunması və internetdən
istifadə üçün sağlam mühitin formalaşdırılması nəzərdə tutulub.
Fərqli yaş qrupuna aid olan hər bir internet
istifadəçisi 1337.edu.az veb səhifəsində qeydiyyatdan keçərək informasiya təhlükəsizliyi
sahəsində baş verən yeniliklərlə tanış ola və müxtəlif kateqoriyalar üzrə məlumatlar
paylaşa bilərlər.
Veb səhifədə “Müzakirə Forumu” bölməsi fəaliyyət
göstərir ki, bu bölmədə kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən
informasiya təhlükəsizliyinə aid müntəzəm olaraq bloq postlar yerləşdirilir. Bu
hissədə eyni zamanda “İnsidentlərin idarə olunması və cavab tədbirləri”,
“Nüfuzetmə testləri” və s. kimi mühüm məsələlər müzakirə edilir və həll yolları
göstərilir.
Qeyd etmək lazımdır ki, 1337.edu.az resursu Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin kibertəhlükəsizlik və kibercinayətkarlarla
mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş “Kibertəhlükəsizlik”
təlim layihəsinin uğurlu nəticəsi olaraq yaradılmış və Təhsil Sisteminin
İnformasiyalaşdırılması idarəsi tərəfindən dəstəklənir.