Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edilib

  • Çərşənbə , 12 Dekabr 2018


  • 13:25

"Bakutel”in dəstəyi və Azərbaycan Qadınları İKT-də - “Femmes Digitales”  klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mükafatlarının təqdimat mərasimi keçirilib. Mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilib.

Təqdimat mərasimi Bakıda keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” Azərbaycan beynəlxalq sərgi və konfransı çərçivəsində baş tutub.

“AWITA 2018” mərasimi 500-dən çox peşəkar və qonağı toplayıb. Tədbir zamanı, Təhsil Nazirliyinə qadınlar arasında İT sahəsinin populyarlaşdırılmasına və təbliğinə göstərdiyi dəstəyə görə diplom və mükafat təltif olunub.

Bu il “AWITA” mükafatı müsabiqəsinə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Müsabiqənin “Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə” nominasiyası üzrə İsmayıllı rayon 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayeva, “İlin innovativ müəllimi” nominasiyası üzrə Sumqayıt şəhəri 1 saylı tam orta məktəbinin fizika-informatika müəllimi Aliyə Əhmədova  qalib elan olunublar.

Qeyd edək ki, İKT sahəsində Azərbaycan Qadınları – “Femmes Digitales”  klubu dövlət və özəl sektorda çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədilə yaradılıb. Bu il klub 4 yaşını qeyd edib.