Dekabrın
21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər
Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı öz işinə başlayıb.
Qurultay
iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin
xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər
düzülüb.
Sonra
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə
güllər qoyulub.
Qurultayda
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh
Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, dövlət
və hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rektorları, təhsil
ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edirlər.
Mərasim
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay
iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Baş
nazirin müavini Əli Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Əli Əhmədov qeyd edib ki,
30 yaşa qədər gənclərin sayı 4,6 milyon nəfərdir, bu da ölkə əhalisinin 46
faizinə bərabərdir. 24 yaşa qədər gənclər isə ölkə əhalisinin 1/3-ni təşkil
edir.
Baş
nazirin müavini tələbə-gəncləri daha yaxşı təhsil almağa, Azərbaycanın
maraqlarını həmişə müdafiə etməyə, ölkənin ictimai-siyasi həyatında fəal rol
oynamağa çağırıb və qurultayın işinə uğurlar arzulayıb.
Təhsil
naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil və gənclər siyasəti barədə
ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı
ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali
təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və
maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində
mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil
Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti
Bolonya prosesinin tələblərinə uğunlaşdırılıb.
Nazir
qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə
adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700
bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını
seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir.
Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali
təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə
artırılması nəzərdə tutulub.
Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir
infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa
çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni
yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud
yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil
imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.
Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Qurultay
öz işini davam etdirir.
Mənbə: https://edu.gov.az/az/page/9/15902