“eTwinning Plus” layihəsi çərçivəsində müsabiqə

  • Bazar ertəsi , 14 Yanvar 2019


  • 13:25

“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə start verilib.

“eTwinning” proqramı üzrə il ərzində layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminarlar, konfranslar və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər üçün təlimlərdə iştirak ödənişsizdir.

Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. 1-ci mərhələyə müraciət edən hər bir iştirakçı üçün aşağıda qeyd olunan meyarlar üzrə ilkin bal hesablanır:

-       Ən azı 1 il “eTwinning Plus” layihəsində iştirak etmək;

-       Aktiv və başa çatmış 5-dən artıq  təhsil layihəsinin müəllifi olmaq;

-       İngilis dilində ünsiyyət bacarıqlarına malik olmaq;

-       “eTwinning” portalından istifadə edə bilmək.

Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlər Təhsil Nazirliyinin  İşçi Qrupu tərəfindən müsahibə olunur və müsahibədən uğurla keçən namizədlər eTwinning çərçivəsində Avropada keçiriləcək beynəlxalq təlimlərdə iştirak hüququ qazanırlar.

Qeyd edək ki, Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 419 məktəbdən 1166 müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib.