Elm və Təhsil Nazirliyi və Microsoft ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
ilə Microsoft arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində
vahid rəqəmsal ekosistemin formalaşdırılması işləri davam etdirilir. Birgə fəaliyyət
universitetlərin müəllim, tələbə və inzibati heyətinin müasir rəqəmsal alətlərə
çıxış imkanlarının genişləndirilməsinə, tədris və idarəetmə prosesində rəqəmsal
həllərin tətbiqinə xidmət edir.
Mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə
20 ali təhsil müəssisəsinin lisenziyalı Microsoft alətləri ilə təmin olunması nəzərdə
tutulur. Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki
Universiteti, Qarabağ Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər
Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti və Mingəçevir Dövlət Universitetində bütün texniki və təşkilati
işlər tamamlanıb, Microsoft həlləri istifadəyə verilib. Digər ali təhsil müəssisələrində
isə qoşulma prosesi mərhələli şəkildə davam etdirilir.
Microsoft platformasında təqdim olunan süni
intellekt əsaslı həllər, xüsusilə Copilot aləti müəllimlərə dərs planlarının
hazırlanması, tədris materiallarının yaradılması, qiymətləndirmə və digər
akademik fəaliyyətlərin daha səmərəli təşkili üçün əlavə imkanlar yaradır. Süni
intellekt alətlərinin tətbiqi müəllimlərin iş yükünün optimallaşdırılmasına və
tədris prosesinin keyfiyyətinin artırılmasına töhfə verir.
Elm və Təhsil Nazirliyi ilə Microsoft arasında həyata keçirilən bu proqram ali təhsil
sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ
texnologiyaların tədris mühitinə inteqrasiyası və rəqəmsal bacarıqlara malik
insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.