Elm və Təhsil Nazirliyi və OpenAI ölkədə süni intellektin təhsil sahəsində tətbiqi üzrə əməkdaşlığı genişləndirir

22.09.2026

Elm və Təhsil Nazirliyi və OpenAI ölkədə süni intellektin təhsil sahəsində tətbiqi üzrə əməkdaşlığı genişləndirir

22.09.2026

22 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və OpenAI arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb. Sənəd Nyu-Yorkda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və OpenAI şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.

Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt imkanlarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris prosesini daha səmərəli və əlçatan etmək, eyni zamanda təhsil müəssisələrində süni intellektdən məsuliyyətli istifadəyə dair yanaşmaları inkişaf etdirməkdir.

Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və təhsil işçilərinin yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimləndirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standartların hazırlanması nəzərdə tutulur. Əməkdaşlığın əsas layihələrindən biri Elm və Təhsil Nazirliyinin riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin OpenAI texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir.

           Sistem müəllimlərə dərslərin hazırlanması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək təqdim edəcək. Bu imkanların müəllimlərin hazırlıq prosesinə sərf etdiyi vaxtı azaltması və onların şagirdlərlə birbaşa işləməsinə daha çox vaxt ayırmasına şərait yaratması nəzərdə tutulur.

            Əməkdaşlıq çərçivəsində müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün müxtəlif təlimlərin keçirilməsi də planlaşdırılır. Bundan əlavə, “təlimçilərin təlimi” (train-the-trainer) proqramı vasitəsilə Azərbaycanda süni intellekt üzrə yerli mütəxəssis və təlimçi potensialının formalaşdırılması nəzərdə tutulur.

Tərəflər, həmçinin təhsil sahəsində süni intellektdən məsuliyyətli və təhlükəsiz istifadə ilə bağlı metodiki yanaşmaların və tövsiyələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında imzalanan ikinci Anlaşma Memorandumudur. Yeni sənəd tərəflər arasında mövcud əməkdaşlığın daha da genişləndirilməsini və süni intellektin Azərbaycanın təhsil sistemində tətbiqi üzrə yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Elm və Təhsil Nazirliyi və OpenAI ölkədə süni intellektin təhsil sahəsində tətbiqi üzrə əməkdaşlığı genişləndirir