Rəqəmsal Məktəb platformasının əhatə dairəsi genişləndirilir
2026–2027-ci tədris
ilindən etibarən Rəqəmsal Məktəb platforması Bakı şəhəri ilə yanaşı, ölkənin
digər regionlarında da tətbiq olunacaq. Ötən tədris ili ərzində Bakı şəhərində
tətbiq edilən Rəqəmsal Məktəb platforması yeni tədris ilindən etibarən Abşeron,
Gəncə, Mingəçevir, Sumqayıt və Naxçıvan üzrə də istifadəyə veriləcək.
Layihənin əsas
məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb
idarəetməsində müasir texnologiyalardan istifadənin imkanlarını genişləndirmək,
eləcə də şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı
əlaqəni daha çevik və səmərəli şəkildə təmin etməkdir.
Rəqəmsal Məktəb
platformasının genişləndirilməsi ilə müəllimlər üçün tədris prosesinin idarə
olunmasında yeni rəqəmsal imkanlar yaradılacaq. Belə ki, müəllimlər dərs
jurnallarını elektron qaydada aparacaq, bununla da kağız daşıyıcılardan
istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid
rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.
Bununla yanaşı,
platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərə çıxış əldə
edəcəklər. Bu imkanların tədris prosesində müasir texnologiyalardan daha
səmərəli istifadəyə, müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına
və təhsil prosesinin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət
etməsi nəzərdə tutulur.
Şagirdlər isə
platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik
dərs cədvəlləri ilə tanış ola, həmçinin qiymətlərini elektron qaydada izləyə
biləcəklər. Bu imkanlar şagirdlərin tədris prosesində öz nəticələrini və
gündəlik fəaliyyətlərini daha rahat izləməsinə şərait yaradacaq.
Valideynlər şəxsi
kabinetləri vasitəsilə övladları ilə bağlı məlumatları elektron qaydada izləyə
biləcəklər. Valideynlər platformada övladlarının davamiyyəti, qiymətləri və
nizam-intizam göstəriciləri barədə məlumat əldə edə, bununla da övladlarının
təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlı ola
biləcəklər.
Rəqəmsal Məktəb
platforması vasitəsilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid
rəqəmsal mühitdə təşkil edilməsi, təhsil iştirakçıları üçün məlumat və
xidmətlərə çıxışın asanlaşdırılması, məktəblərdə idarəetmə və kommunikasiya
imkanlarının təkmilləşdirilməsi hədəflənir.
Platformanın yeni
regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal
həllərdən yararlanması təmin olunacaq. Bununla da rəqəmsal təhsil imkanlarının
ölkə üzrə mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil
ekosisteminin formalaşdırılması istiqamətində növbəti addım atılacaq.