Azərbaycanın rəqəmsal təhsil təcrübəsi beynəlxalq panel müzakirəsinin mövzusu olub

  • Çərşənbə axşamı , 20 Aprel 2021


  • 13:25

15 aprel tarixində “Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin Rəqəmsal Transformasiyası üzrə Dünyanın Lider Ölkələri” koalisiyasının görüşü keçirilib.

Görüşdə süni intellekt texnologiyalarından istifadə etməklə təhsildə proqnozlaşdırıcı analitikanın tətbiqi, məsafədən və hibrid təhsil formaları üçün rəqəmsal ekosistemlərin formalaşdırılması məsələləri müzakirə olunub.

Görüşdə təqdimatla çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Virtual Məktəb” platforması barədə məlumat verib. Bildirilib ki, platforma 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının təhsilə sürətli inteqrasiyasına yol açıb və hazırda koalisiyanın çərçivəsində “Virtual Məktəb”də data-əsaslı təhsil modelinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Görüş zamanı, həmçinin, Finlandiyanın Helsinki şəhərin məktəblərini əhatə edən və artıq istifadəyə verilmiş təhlil və proqnozlaşdırma analitikası aləti nümayiş olunub.  Daha sonra, təqdimatlar əsasında ölkələr arasında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Xatırladaq ki, Azərbaycan “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasına cari ildə Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”nə əsasən qoşulub.