Ölkənin 40 məktəbində böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır.

  • Cümə , 11 Fevral 2022


  • 13:25

2021-2022-ci tədris ilinin I yarım ili üzrə şagirdlərin bilik və bacarıqlarının rəqəmsal formada qiymətləndirilməsi məqsədilə ölkənin seçilmiş təhsil müəssisələrində pilot şəklində qiymətləndirmə təşkil olunmuşdur. Müsbət nəticə əsasında cari tədris ilindən etibarən Bakı şəhərinin 40 ümumtəhsil müəssisəsində qiymətləndirmə rəqəmsal formata keçid edir. Rəqəmsal böyük summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir.

Qiymətləndirmə, seçilmiş məktəblərin V,VI,VII və VIII siniflərində (tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə) şagirdlərin ümumi təhsil müəssisələrində iştirakı ilə həyata keçirilir.  Qiymətləndirmə rəqəmsal şəkildə “Virtual Məktəb” platforması üzərindən aparılır.

Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etməklə yanaşı kağız sərfiyyatını da minimuma endirmiş olur. Eyni zamanda rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunur, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edir.

Onu da qeyd edək ki, ötən tədris ilində ölkənin 8 rayonunun 26 təhsil müəssisəsində məktəbdaxili böyük summativ qiymətləndirmə pilot olaraq rəqəmsal formada həyata keçirilmişdir.