“eTwinning Plus” layihəsinə qoşulmuş təhsil
işçilərinin 2019-cu il ərzində xarici ölkələrdə keçiriləcək beynəlxalq
təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsinə start verilib.
“eTwinning” proqramı üzrə il ərzində layihələrdə iştirak edən təhsil
işçiləri üçün müxtəlif seminarlar, konfranslar və peşəkar inkişaf proqramları
təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlər
üçün təlimlərdə iştirak ödənişsizdir.
Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi 2 mərhələdə aparılır. 1-ci mərhələyə
müraciət edən hər bir iştirakçı üçün aşağıda qeyd olunan meyarlar üzrə ilkin
bal hesablanır:
- Ən azı 1 il “eTwinning Plus” layihəsində iştirak etmək;
- Aktiv və başa çatmış 5-dən artıq təhsil layihəsinin müəllifi olmaq;
- İngilis dilində ünsiyyət bacarıqlarına malik olmaq;
- “eTwinning” portalından istifadə edə bilmək.
Müsabiqənin 2-ci mərhələsinə keçən namizədlər Təhsil Nazirliyinin İşçi Qrupu tərəfindən müsahibə olunur və müsahibədən
uğurla keçən namizədlər eTwinning çərçivəsində Avropada keçiriləcək beynəlxalq
təlimlərdə iştirak hüququ qazanırlar.
Qeyd edək ki, Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən
etibarən Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi tərəfindən
reallaşdırılır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 419 məktəbdən 1166
müəllimin iştirakı ilə 1053 təhsil layihəsi həyata keçirilib.